Home -- Azeri -- Perform a PLAY -- 147 (Nothing is too hard for God 2)
147. Allah üçün mümkün olmayan heç bir şey yoxdur 2
Ola bilməz! Əsla ola bilməz! Güman ki, İbrahim belə düşünürdü.
Niyə? Çünki o da, yoldaşı Sara da xeyli yaşlanmışdılar. Allah çoxdan onlara bir oğul verəcəyini vəd etmişdi. Ancaq 89 yaşında uşağa qalmaq, yaxud 99 yaşında ata olmaq ... bu, mümkün deyildir.
Allah onu unudubmu?
İbrahim çadırının girişində oturmuşdu. Gündüz idi, hava çox isti idi. Günün bu vaxtında üç qonağın gəlməsi İbrahimi xeyli təəccübləndirdi. İbrahim onlara təzim etdi. O, qonaqlardan birinin Allahın Özü olduğunu təxmin edə bilmişdimi?
İbrahim: "Ağam, getməyə tələsmə. Yanımızda qal. Qoy su gətirim, sənin ayaqlarını yuyum. Kölgədə otur. Sənin üçün yemək bişirəcəyəm."
Qonaq: "Dediyin kimi et." İbrahim hər şeyi hazırlamağa tələsdi. Sara çörək bişirdi, xidmətçi dana kəsdi və İbrahim qonaqlarına dadlı bədəvi yeməyi verdi: öncə ayran və süd, sonra qalan hər şey.
Qonaq: "Arvadın Sara haradadır?"
İbrahim: "Çadırdadır."
Qonaq: "Sənə həqiqəti söyləyirəm. Bir il keçməmiş sənin yanına qayıdacağam və Saranın bir oğlu olacaq."
(gülüş səsi)
Sara güldü. O bu söhbətə gizlicə qulaq asırdı. Ola bilməz - deyə düşündü. Mən artıq lap çox qocalmışam.
Qonaq: "Niyə Sara güldü? Niyə uşağa qala bilməyəcəyini düşündü? Allah üçün qeyri-mümkün bir şey varmı? Bir il sonra Saranın oğlu olacaq."
Allah üçün qeyri-mümkün bir şey varmı? Allah İbrahimə dəfələrlə bir oğlu olacağını vəd etdi. Bir dəfə bu vədi ona xüsusi şəkildə söylədi.
Allahın səsi: "Ey İbrahim, başını qaldır və göyə bax. Ulduzları say. Mənim sənə verəcəyim nəsil bu qədər çox olacaqdır."
İbrahim ulduzları saya bilmədi, amma Allaha güvəndi. Ulduzlarla dolu nəhayətsiz göylərə baxanda o, Allahın əzəmətini düşündü. Allah üçün qeyri-mümkün bir şey varmı? Əsla!
Təsəvvür edin ki, İbrahimin 100 yaşı olanda o, ata oldu və Sara 90 yaşında axır ki, xoşbəxt ana oldu.
(uşağın gülüşü) İbrahimlə Sara çoxdan arzuladıqları övladını İshaq adlandırdılar.
Allah üçün qeyri-mümkün bir şey yoxdur. Allah təsəvvür etdiyimizdən qat-qat ucadır. Ulduzları saymağa çalış və onda Allahın nə qədər böyük olduğunu dərk edəcəksən.
Rollar: Aparıcı, İbrahim, qonaq, Allahın səsi
© Müəlliflik hüququ: CEF Germany