Home -- Azeri -- Perform a PLAY -- 146 (Speaking stones 1)
146. Danışan daşlar 1
Uşaqlar, siz bir kolleksiya toplayırsınızmı? Marka, pul, yaxud başqa bir şey? Yurqenin rəfləri daşlarla dolu idi.
Berta: "Ay da! Sən bunların hamısını haradan tapdın?"
Yurqen: "Bunu Alp dağlarında tapdım. Bu, Berlin divarından bir daşdır. Bunu isə mənə Misirdən – Hökmdarlar Vadisindən dayım gətirib."
Berta: "Hamısının forması, rəngləri cürbəcürdür."
Yurqen: "Daşların çoxu həyatımdan ayrı-ayrı əhvalatlarla bağlı xatirələrdir."
İbrahimin də daşları qoyduğunu bilirdinizmi, uşaqlar? Əlbəttə ki, İbrahimin daşları çox yekə idi və o onları rəfə qoymurdu. İbrahim 4000 il bundan əvvəl yaşayıb və bəzi yerlərə daşlar qoyub.
Berta: "Nə üçün qoyub ki?"
Hər şey var olan Allahın İbrahimlə danışmasından başladı.
Allahın səsi: "Ey İbrahim! Vətənini, qohum-əqrəbanı tərk et və sənə göstərəcəyim ölkəyə get."
İbrahim Allahı görmədi, amma səsini aydın şəkildə eşitdi və nə edəcəyini bildi: o, hər şeyi qoyub getməliydi. Allah insana daha yaxşı bir şey vermək istəyəndə həmişə əvvəlki şeyləri tərk etməsini buyurur.
Allahın səsi: "Mən sənə yeni bir ölkə göstərəcəyəm və səndən böyük millət yaradacağam. Sənə xeyir-dua verəcəyəm və sənin adın ucalacaq."
İbrahim yola çıxandan sonra haraya gedəcəyini bilməsə də, arvadını götürüb vətənini tərk etdi, çünki Allaha iman və itaət etdi.
Uzun səyahətdən sonra İbrahim bu gün İsrail adlanan ölkənin yerləşdiyi əraziyə gəldi.
O, Allahın ondan böyük millət törədəcəyini və neçə-neçə illərdən sonra Xilaskarımız İsanın o millətdən gələcəyini təsəvvürünə gətirə bilərdimi?
Yad ölkədə məskən salandan sonra İbrahim ona tanış olan o səsi yenə eşitdi.
Allahın səsi: "Bu torpağı sənin nəslinə verəcəyəm."
İndi İbrahim doğru yolda olduğuna tamamilə əmin idi. O, düzgün yerdə idi.
İlk əvvəl o, bir qurbangah düzəltdi. Allahı və Allahın vədlərini yadına salan bir daş dikdi.
Bir az cənubda o, bir daş daha xatirə olaraq qoydu.
Bəs sizdə daş kolleksiyası varmı, uşaqlar? Siz də Allahla yaşadıqlarınızı xatırlamaq üçün kolleksiya toplaya bilərsiniz. Məsələn, hər dəfə Allah duanıza cavab verəndə və ya sizi bir bəladan qoruyanda rəfinizə kiçik bir daş qoya bilərsiniz. Allahın işlərinin xatirəsi olan belə daşlar sizə ilham verəcək, sizi Allaha güvənməyə və Allah üçün yaşamağa həvəsləndirəcək.
Bundan sonra İbrahimin başına gələn əhvalatları siz növbəti verilişdə öyrənəcəksiniz.
Rollar: Aparıcı, Berta, Yurqen, Allahın səsi
© Müəlliflik hüququ: CEF Germany