Home -- Azeri -- Perform a PLAY -- 055 (Innocent in jail 3)
55. Təqsirsiz adam zindanda 3
Zindan qapısı möhkəm çırpıldı. Mühafizəçi qıfılını bağlayıb getdi. Yusif təqsirsiz olsa da, barmaqlıqlar arxasına göndərilmişdi. O heç bir pis iş görməmişdi! Əksinə, düzgün işi görmüşdü. Amma onu zindana atmışdılar. Bunu necə anlamaq olar?
Yusif dərin düşüncələrə daldı.
(Yusif düşünərkən fonda bir melodiya çalır)
Xəyalında qardaşlarını təsəvvür edirdi. Onlar onu neçə il əvvəl misirli bir adama qul olaraq satmışdılar. Ona nifrət edirdilər. Çünki Allah Yusifi böyük hökmdar edəcəyini demişdi. Fironlar və ehramlar ölkəsində o, Potifarın qulu oldu. Yusif ağasına yaxşı qulluq edirdi. Fironun əyanı olan Potifar Yusifdən çox razı idi. Onun kimi başqa qulu heç vaxt olmamışdı. Yusif hər işində uğur qazanırdı. Heç bir işi səhv etmirdi. Bunun sirrini bilirsinizmi, uşaqlar? Allah Yusiflə idi və ona kömək edirdi.
Potifar Yusifi evinə və zəmilərinə nəzarətçi təyin etdi. Yusif sadiq qul və qəşəng oğlan idi. Potifarın arvadı Yusifə vurulmuşdu və istəyirdi ki, Yusif onunla əri kimi yaxın münasibətdə olsun.
Ancaq Yusif bunu etsəydi, bu, doğru hərəkət olardımı? Allahın qanunu “Zina etmə!” deyir. Bu qanun o vaxt qüvvədə olduğu kimi, indi də qüvvədədir. Yusif Allaha qulaq asırdı və qadının ondan istədiyi işə razı olmurdu.
Günlərin birində Potifarın arvadı bir daha Yusifi yoldan çıxarmağa çalışdı.
Uşaqlar, bəs sizi kimsə pis işə sövq edəndə, siz nə edirsiniz? Yusif kimi olun: Yusif günahdan qaçırdı. Bu qadın onu üst paltarından tutsa da, Yusif paltarını onun əlində qoyub qaçdı, ağasının arvadı ilə günah etməməyə qərar verdi. Potifarın arvadı isə məyus olub, Yusifdən qisas almaq üçün plan qurdu.
Əri işdən evə qayıdanda, qadın ona danışdı ki, guya Yusif onun otağına gəlib ona yaxınlaşmağa çalışmışdı, lakin o qışqırdığı üçün üst paltarını qoyub qaçmışdı. Əlində tutduğu paltar bir sübut sayılırdı.
Potifar öz arvadının yalanına inandı və Yusifə çox qəzəbləndi. O, Yusifi dərhal zindana atdı.
Lakin Allah Yusiflə birlikdə idi. Buna görə də bu, hekayənin sonu deyildir.
Allahın Yusif üçün bir planı var idi, ancaq Yusif bu planı anlaya bilmirdi.
Növbəti verilişdə Yusifin hekayəsi davam edəcək.
Rollar: Aparıcı
© Müəlliflik hüququ: CEF Germany