Home -- Azeri -- Perform a PLAY -- 053 (Envy has terrible consequences 1)
53. Paxıllığın dəhşətli nəticəsi 1
Uşaqlar, sizin bacı-qardaşlarınız varmı? Siz bir yerdə yola gedirsinizmi, yoxsa arada dalaşırsınız və bir-birinizə pis söz deyirsiniz? Hər necə olsa, biz bir-birimizlə yola getməyi öyrənə bilərik.
Yaqubun ailəsində isə uşaqlar hələ bunu öyrənməmişdilər. O ailənin hekayəsi Müqəddəs Kitabda yazılmışdır. Təsəvvür edin, o ailədə on iki qardaş var idi. Onların arasında çox şeylər olurdu!
1-ci qardaş: “Mən artıq bezmişəm! Yusiflə həmişə ən yaxşı rəftar edirlər.”
2-ci qardaş: “Demə də! Balacalara hər şey olar.”
1-ci qardaş: “Bütün əziyyəti biz çəkirik, o isə kefinə baxır. Ata ona istədiyi hər şeyi verir.”
2-ci qardaş: “Ərköyün uşaq! Atanın ona verdiyi yeni paltarı gördünüz?”
1-ci qardaş: “Ata onu bizdən qat-qat çox istəyir. Bu, ədalətsizlikdir!”
Qardaşları Yusifə paxıllıq edirdilər. Bəs siz kiməsə paxıllıq etmisinizmi, uşaqlar? Ürəyimizdə paxıllıq olsa, axırımız yaxşı olmayacaq. Paxıllıq yabanı bitki kimi ürəyimizdə öz-özündən bitir və qısqanclıq, kin, ədavət kimi pis xasiyyətləri əmələ gətirir.
Mən öz təcrübəmdən bilirəm ki, paxıllıq üzərimizə gələn kimi dərhal İsa ilə danışmaq və paxıllığı ürəyimizdən götürməsini xahiş etmək lazımdır.
Yusifin qardaşları belə etmədilər və Allahdan onları bağışlamasını istəmədilər. Buna görə də paxıllıq onlara hökmran oldu. Onlar Yusifə nifrət etdilər, onu dindirmədilər. Yusif özünü ailəsində yad hiss etməyə başladı, qardaşları ona tez-tez lağ edirdilər. Lakin o onlara pislik əvəzinə pislik etmirdi. Allah Yusifə güc verdi və Yusif hər şeyə dözdü. Bir gücə Allah Yusiflə yuxuda danışdı. Ertəsi günün səhəri Yusif yuxusunu qardaşlarına danışdı.
Yusif: “Yuxuda gördüm ki, biz taxıl biçirik və dərz bağlayırıq. Birdən mənim dərzim qalxıb dik durdu, sizin dərzləriniz isə mənim dərzimə səcdə etdilər.”
1-ci qardaş: “Bu gördüyün yuxu nə deməkdir? Yoxsa sən bizə padşah olacaqsan?”
Yusif: “Ondan sonra yenə bir yuxu gördüm. Gördüm ki, günəş, ay və on bir ulduz mənə səcdə edir.”
2-ci qardaş: “Səsini kəs, yuxu görən! Deyəsən, özünü böyük adam sayırsan.”
Yusif Allahın ona yuxuda danışdıqlarını qardaşlarına danışmasaydı, yaxşı olardı. Çünki bundan sonra qardaşları ona daha çox nifrət etdilər. Hətta Yusifin bu dünyada yaşamamasını arzuladılar. Görürsünüz, paxıllıq nəyə gətirib çıxara bilər?
Yusifin atası belə, onu danladı, amma yuxularını yadından çıxara bilmədi.
Bütün bunların mənası nə idi?
Bundan növbəti verilişdə danışacağıq.
Rollar: Aparıcı, Yusif, iki qardaş
© Müəlliflik hüququ: CEF Germany