Home -- Azeri -- Perform a PLAY -- 040 (The small sailboat)
40. Balaca qayıq
Nəhayət, tətil başlandı! Cavid çoxdan bunu gözləyirdi. Tətil vaxtı o səhərləri yuxusunu ala bilir və sevimli işlə məşğul ola bilirdi.
Cavid hər gün atasının emalatxanasına gedib orada həvəslə işləyirdi. Onun ən böyük arzusu yeləkənli gəmi düzəltmək idi. Axır ki o, gəmini düzəltdi, qırmızı və göy rənglərə boyadı və üç dorağacına ağ yelkən asdı. Oğlan balaca gəmisiylə fəxr edirdi. Bir gün o, gəmini sahilə apardı və suya qoydu. Qayıq dalğaların üzərində üzürdü. Bir dəstə oğlan Cavidi güdürdü, amma Cavidin bundan xəbəri yox idi. Oğlanlar gizlicə ona yaxınlaşdılar.
Oğlan: “Bunu sən qayırmısan? Doğrudan? Bax, biz bunu aparıb dənizə buraxacağıq.”
Cavid bir söz deməyə macal tapmamış, oğlanlar onu itələyib qamışlığa yıxdılar. O ayağa qalxanda gördü ki, dəstənin də, balaca gəminin də izi-tozu qalmayıb.
Göz yaşlarını güclə saxlayan Cavid evə qayıtdı.
Ata: “Ürəyini sıxma, mən sənə təzə bir yelkənli gəmi alacağam.”
Cavid: “Yox, ata, mən ancaq özüm qayırdığım o gəmini istəyirəm.”
Günlər keçdi, həftələr dolandı. Bir gün Cavid bir mağazanın vitrinində yelkənli gəmi gördü.
Cavid: “Ata, bax! Bu mənim gəmimdir!”
Ata: “Əminsənmi, oğlum?”
Cavid: “Bəli, yüz faiz əminəm. Mən axı onun burnuna işarə qoymuşdum. Görürsən?”
Cavid mağazaya girib satıcı qıza üz tutdu:
Cavid: “Bu yelkənli gəmi sizin deyildir. Bu mənim gəmimdir!”
Cavidin atası mat-məəttəl qalmış satıcıya hər şeyi başa saldı. Satıcı onu diqqətlə dinlədi və dedi:
Satıcı qız: “Doğrudan, mən bu gəmini bir dəstə oğlandan almışam. Onlara pul vermişəm. Ona görə, bu gəmini sizə pulsuz qaytara bilmərəm. Gəlin, belə eləyək: siz mənə oğlanlara verdiyim məbləği verin, mən də gəmini sizə verim.”
Cavid razılaşdı və özünün qayırdığı gəmini pulla satın aldı.
Cavidlə atası mağazadan çıxıb evə getdilər.
Cavid: “Ey balaca gəmim, indi sən mənə iki dəfə məxsussan. Öncə mən səni qayırmışdım, indi isə satın aldım.”
Ata: “Oğlum, bəs sən Allaha iki dəfə məxsussanmı?”
Cavid: “Allaha necə iki dəfə məxsusam?”
Ata: “Qoy başa salım. Allah insanı yaratdı, amma insan günaha batıb Allahdan uzaqlaşdı. İsa çarmıxda öləndə bizi Allaha qaytarmaq üçün Özünü qurban verdi.”
Cavid: “Bəs mən Allaha iki dəfə məxsus olduğumu necə bilərəm?”
Ata: “İsadan dilə ki, bütün günahlarını bağışlasın və həyatına daxil olsun, onda sən Allahın övladı olacaqsan. Allahın hər övladı Ona iki dəfə məxsusdur.”
Rollar: Aparıcı, oğlan, Cavid, ata, satıcı qız
© Müəlliflik hüququ: CEF Germany